ziyaret

free counters
Blogger tarafından desteklenmektedir.
3 Mayıs 2012 Perşembe

"Tərəqqi" liseyində "Bilik günü"nün bayram sevinci

Təhsilin, elmin, biliyin tərəqqi üçün açar, inkişafın hərəkətverici qüvvəsi hesab olunduğu ölkəmizdə yeni dərs ilinin ilk günü - "Bilik günü" həmişə ümumxalq bayramı kimi qeyd olunur. 2010-2011-ci dərs ilinin ilk zənginin çalındığı sentyabrın 15-ni xalqımız yüksək əhvali-ruhiyyə ilə qarşıladı. Bütün təhsil müəssisələrində "Bilik günü"nə həsr olunmuş təntənəli bayram mərasimləri keçirildi.

Həmin gün Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə yaddaqalan, maraqlı məzmunlu bayram şənliyi düzənlənmişdi. Mərasimin keçirildiyi məktəb həyəti şagirdlər, müəllimlər valideynlərlə dolu idi. Müəllimlərin, məktəblilərin, xüsusən bu il əlinə ilk dəfə çanta alıb birinci sinfə gedən şagirdlərin sevincini bölüşməyə, onlara xoş arzularını bildirməyə xeyli qonaq da gəlmişdi.

Tədbirin aparıcıları XI "a" sinif şagirdi Səbinə X "a" sinif şagirdi Nigar mərasimi açıb iştirakçıları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdilər. Azərbaycan Respublikasının Dövlət himni ifa olundu.

Mərasim artıq başlasa da onun əsas "qəhrəmanları" - bu il birinci sinfə gedən uşaqlar meydanda gözə dəymirdi. Aparıcılar bildirdilər ki, yeni dərs ilində liseydə 2-si rus, 2-si Azərbaycan bölməsində olmaqla 4 birinci sinif fəaliyyət göstərəcək. Onlarda 97 uşaq təhsil alacaq. Əsas bayram onlarındır. Başlarının oyuncaqlarına qarışdığı, nağıl aləmindən hələ ayrılmadıqları güman edilən altıyaşlıları şənliyə gətirmək üçün nağıl qəhrəmanları - Şrek, Dovşan, Mikki Mausb. köməyə çağırıldı. Uşaqların "dilini" daha yaxşı bilən nağıl qəhrəmanları tezliklə öz balaca dostlarını tapıb musiqi sədaları altında meydana gətirdilər və onlarla rəqs etməyə başladılar.

Beləcə, mərasim başlandı. Nağıl qəhrəmanları - aktyorlar birinciləri təbrik etdilər. Aparıcılar da təbrikə qoşuldular, təhsilin, elmin əhəmiyyəti, məktəb, müəllim haqqında şeirlər dedilər. Ulu öndər Heydər Əliyevin müəllim haqqında dediyi sözləri diqqətə çatdırdılar, ölkəmizdə təhsilə, müəllimə göstərilən qayğıdan söz açdılar, sevimli müəllimlərini, direktorlarını təbrik etdilər.

Sonra təbrik üçün söz liseyin direktoru Məhbubə Məmmədovaya verildi. Məhbubə müəllim mərasim iştirakçılarını salamlayıb sentyabrın 15-nin möhtərəm Prezidentimizin sərəncamı ilə "Bilik günü" elan edildiyini, bu günün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu söylədi. Direktor bu münasibətlə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektiv üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların baba və nənələrini, ata və analarını, gənc ailələri ürəkdən təbrik etdi və valideynlərə gözaydınlığı verdi. Bu gün birincilərin və onların məktəbə gedəcəyi günü 6 il gözləyən valideynlərinin daha çox sevindiyini deyən M.Məmmədova özününsevincinin həddi-hüdudu olmadığını, nəvəsinin bu il ilk dəfə məktəbə qədəm qoyduğunu bildirdi. O, birincilərə yeni dərs ilində müvəffəqiyyət dilədi, bu gün onlara tapşırılan bu balaca fidanların sağlam əqidə ilə böyüməsini, vətənpərvərlik ruhunda tərbiyə almasını arzuladı. Müəllimlərə tövsiyə etdi ki, öhdələrinə düşən bu çətin, lakin şərəfli vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışsınlar, elmin sirlərini şagirdlərə sevə-sevə öyrətsinlər, "Təhsil millətin gələcəyidir" deyən ulu öndər Heydər Əliyevin gələcəyimiz olan uşaqları qorumaqla bağlı tövsiyəsinə daim əməl etsinlər. O, inandığını bildirdi ki, liseyin müəllimləri valideynlərlə əl-ələ verərək bu gün onlara etibar olunmuş körpələrin gələcəyini düzgün quracaq, onlara düzgün istiqamət verəcəklər, uşaqların savadlı, bilikli olması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Bunun üçün liseylərində hər cür şəraitin, illərlə yaranmış müsbət ənənələrin olduğunu deyən Məhbubə Məmmədova tədris ocaqlarının ötən dərs ilində əldə etdiyi bəzi uğurları da diqqətə çatdırdı. Qeyd etdi ki, liseyonun şagirdləri ölkə üzrə keçirilən müsabiqələrdə, olimpiadalarda, digər bilik-yaradıcılıq yarışlarında fəal iştirak edir və yüksək yerlər tuturlar. "Tərəqqi" texniki-humanitar təmayüllü lisey 2 il öncə möhtərəm cənab Prezidentimizin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 50 qalibindən biri olmuş və 10 min manat mükafatla mükafatlandırılmışdır. Bu il isə liseyin müəllimi Şəhla Əliyeva "Ən yaxşı müəllim" müsabiqəsinin 100 qalibindən biri olmuş və 5 min manat mükafat almışdır. Həmin mükafatlara və təhsilə göstərdiyi daimi diqqət və qayğıya görə M. Məmmədova təhsil işçiləri adından ölkə Prezidentinə minnətdarlığını bildirdi.

Lisey məzunlarının ali məktəblərə daxil olması göstəricilərinə görə də ölkənin öncül təhsil ocaqları sırasındadır. Hər il məzunların xeyli qismi ölkənin və bir sıra xarici dövlətlərin ən nüfuzlu universitetlərinə qəbul olunurlar. Bu il liseyi bitirmiş 73 gəncin 64-ü ali məktəblərə sənəd vermiş, 51-i yüksək balla qəbul olunmuşdur. Onlardan 3-ü Türkiyənin nüfuzlu universitetində, biri isə BƏƏ-nin Dubay şəhərində ali təhsil alacaq. Qəbul imtahanlarında lisey üzrə ən yüksək - 616 bal toplamış Təranə Həmidova isə Azərbaycan Tibb Universitetinin tələbəsidir. 20-dən çox məzun qəbul imtahanlarında 500-dən yüksək bal toplayıb.

Məhbubə müəllim təbrik nitqinin sonunda liseylərinin şagirdlərini, müəllimləri və valideynləri, Təhsil Nazirliyi başda olmaqla bütün pedaqoji ictimaiyyəti bir daha təbrik edib fəaliyyətlərində onlara dəstək olan hər kəsə, mərasimin hazırlanmasında əməyi olanlara, xüsusən də müavini Mehriban Salahovaya təşəkkürünü və münnətdarlığını bildirdi.

Sonra nağıl qəhrəmanları yenidən öz balaca həmkarları ilə meydanı ələ alıb bir-birindən maraqlı nömrələrlə, uşaqlarla apardıqları qısa dialoqlarla mərasimi canlandırdılar. Uşaqlar dairə vurub şeirlər söylədilər, rəqs etdilər, bütün I sinif şagirdləri onlara qoşuldular.

Valideynlər adından İradə Əliyeva çıxış edərək liseyin rəhbərliyini, müəllim şagirdləri təbrik etdi, yeni dərs ilində onlara uğurlar arzuladı.

Nəhayət, birinci sinif şagirdi Mikayıl Abıyev yeni dərs ilinin ilk zəngini çaldı birincilər müəllimlərinin müşayiəti ilə "Məktəb illəri" mahnısının sədaları altında liseyin binasına daxil olub siniflərində öz yerlərini tutdular. Uşaqların sinif otaqlarına alışması üçün bayram tədbiri siniflərdə davam etdirildi. Onlarla bu dəfə "Ələddin" 10-15 dəqiqə ərzində əyləncəli oyunlar keçirdi.

Beləliklə, sevinclə dolu bayram şənliyi başa çatdı.

0 yorum: